2 iyul 2025-ci il tarixində “İnnovativ Proqress və Ekologiya” Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyi, “Qan Donorları Assosiasiyası” İctimai Birliyi və Adalia Beynəlxalq Qadın Platforması arasında üçtərəfli memorandumun imzalanma mərasimi keçirilmişdir. Tədbir, respublikamızda qan donorluğunun inkişaf etdirilməsi, sağlam genofondun qorunması və qan qohumları arasında nikahların mənfi fəsadlarının aradan qaldırılması istiqamətində birgə fəaliyyətin gücləndirilməsini hədəfləyir.
Memorandumun imzalanma mərasimində “İnnovativ Proqress və Ekologiya” Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyinin sədri Səidə Musayeva, sədr müavini Cəmalə Naxçıvani, “Qan Donorları Assosiasiyası” İctimai Birliyinin rəhbəri Fuad Əsgərov və Adalia Beynəlxalq Qadın Platformasının rəhbəri Dilşad Əhədova iştirak ediblər. Tədbirdə həmçinin dövlət qurumlarının nümayəndələri, yerli qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələrinin təmsilçiləri və ictimaiyyət fəalları yer alıb.
Görüş zamanı qan qohumları arasında bağlanan nikahların yaratdığı genetik risklər, irsi xəstəliklərin yayılması və gələcək nəsillərin sağlamlığına vurduğu zərərlər barədə geniş fikir mübadiləsi aparılıb.


“İnnovativ Proqress və Ekologiya” Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyi olaraq hesab edirik ki, qan qohumları arasında nikahların qarşısının alınması yalnız dövlətin deyil, bütövlükdə cəmiyyətin üzərinə düşən vacib məsuliyyətlərdən biridir. Sağlam genofondun qorunması, irsi xəstəliklərin azalması və ailə institutunun möhkəmləndirilməsi üçün əhalinin maarifləndirilməsi, elmi əsaslı məlumatların paylaşılması və davamlı sosial təşəbbüslərin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Tədbir Azərbaycan Milli QHT Forumunun zalında baş tutdu. Azərbaycan Milli QHT Forumunun rəhbəri Ramil İsgəndərliyə göstərdiyi dəstəyə görə təşəkkürümüzü bildiririk.