COP29-a doğru: QHT-lərin Yaşıl Hərəkatı

2024-cü il noyabrın 1-də Bakının Dənizkənarı Bulvarında keçirilən “COP29-a doğru: QHT-lərin Yaşıl Hərəkatı” adlı tədbir və yürüşdə “İnnovativ Proqress və Ekologiya” Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyinin sədri Səidə Musayeva da iştirak etmişdir. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı, Azərbaycan Velosiped Federasiyasının dəstəyi ilə təşkil olunmuş bu genişmiqyaslı tədbirdə 150-yə yaxın QHT nümayəndəsi və vətəndaş cəmiyyəti fəalları bir araya gəlmişdir.

Tədbir Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin yad olunması ilə başlayaraq, yaşıl düşüncəyə dəstək və cəmiyyətin maarifləndirilməsi istiqamətində önəmli mesajlarla davam etmişdir.

Velosiped yürüşünə start verilməzdən əvvəl “Kapital Bank” və “Qırmızı Ürəklər” Fondu tərəfindən “COP29-a doğru: QHT-lərin Yaşıl Hərəkatı” çərçivəsində iştirak edən 5 şəhid övladına velosiped hədiyyə olunub. Bu addım dövlət qurumları, qeyri-hökumət təşkilatları və özəl sektor arasında əməkdaşlığın və birgə fəaliyyətin nümunəsi kimi qiymətləndirilib.

Velosiped yürüşündə Azərbaycan Velosiped Federasiyası, “Azərbaycan Əlil Velosipedçilərə Dəstək” İctimai Birliyi və “Arabaçı Əlillər” İctimai Birliyinin üzvləri də fəal iştirak etmiş, inklüziv iştirak üçün xüsusi şərait yaradılmışdır.

Tədbir iştirakçıları həmçinin Dənizkənarı Milli Parkda yerləşən COP29 İnformasiya Mərkəzini ziyarət edərək COP29-la bağlı geniş məlumat və təqdimatlarla tanış olmuşlar.