KOBİA və KOBSKA
2 oktyabr 2024-cü il tarixində “İnnovativ Progress və Ekologiya” Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyinin sədri Səidə Musayeva və sədr müavini Cəmalə Naxçıvani Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və “Sürdürülebilir Gelecek Platformu”nun birgə təşkilatçılığı ilə COP29 mövzusuna həsr olunmuş təqdimat mərasimi tədbirində iştirak etdilər.
Tədbirin məqsədi COP29-un əhəmiyyəti, iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlıq və yerli təşəbbüslərin gücləndirilməsi ilə bağlı müzakirələrin aparılması idi.
KOBİA – Kiçik və Orta Biznesin İnkişafı Agentliyidir. Bu qurum ölkədə KOB-ların (Kiçik və Orta Bizneslərin) inkişafını təşviq etmək, onların dövlət dəstəyi mexanizmlərinə çıxışını təmin etmək və sahibkarlığın dayanıqlı inkişafını dəstəkləmək məqsədi daşıyır. KOBİA həm yerli, həm də beynəlxalq səviyyədə KOB-ların rəqabət qabiliyyətinin artırılmasına yönəlmiş layihələr həyata keçirir.
KOBSKA – Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasıdır. Bu təşkilat Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektlərini, xüsusilə kiçik və orta sahibkarlığı təmsil edən müəssisələri bir araya gətirən bir platformadır. KOBSKA-nın əsas məqsədi üzv təşkilatlar arasında əməkdaşlığın inkişaf etdirilməsi, biznesin gücləndirilməsi, təcrübə və resurs mübadiləsinin təşviq olunmasıdır. Eyni zamanda Assosiasiya, sahibkarlara təlimlər, seminarlar və şəbəkələşmə imkanları təqdim edir, onların dövlət və beynəlxalq strukturlarla əlaqələrinin qurulmasında vasitəçi rolunu oynayır.
Bu təqdimat mərasimi həm yerli QHT-lər, həm dövlət qurumları, həm də biznes nümayəndələri üçün COP29-la bağlı fikir mübadiləsi, əməkdaşlıq imkanları və iqlim dəyişikliklərinə qarşı birgə fəaliyyət yollarının araşdırılması baxımından olduqca əhəmiyyətli olmuşdur.