Qələbədən Zəfərə: Türk dünyasının keçdiyi tarixi yol
2025-ci il aprelin 16-da AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Türk xalqlarının tarixi və etnologiyası” şöbəsi və Qazaxıstanın “Atamnın amanatı” İctimai Təşkilatının birgə təşkilatçılığı ilə “Qələbədən Zəfərə: Türk dünyasının keçdiyi tarixi yol” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Tədbir 1941-1945-ci illər müharibəsində qələbənin 80 illiyinə və İkinci Qarabağ- Vətən müharibəsinin 5 illiyinə həsr olunub.
Konfransda Azərbaycan və Qazaxıstandan alimlər, veteranlar və ictimai xadimlər iştirak ediblər. Tədbirin moderatoru Tarix və Etnologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, t.e.d., dosent İlqar Niftəliyev “Azərbaycanda müharibənin xatirəsi və nəsillərin varisliyi” mövzusunda , Tarix və Etnologiya İnstitutunun “Türk xalqlarının tarixi və etnologiyası” şöbəsinin müdiri, t.e.d., dosent Güllü Yoloğlu “Qələbədən Zəfərə dəyişən Türk Dünyası” mövzusunda çıxış edib.
“İnnovativ Proqress və Ekologiya və Sosial-İqtisadi İnkişafa Dəstək” İctimai Birliyinin sədri Səidə Musayeva da konfransda iştirak edib. O, Türk dünyasının ortaq tarixi yaddaşının qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində aparılan müzakirələrə qoşulub.
Qazaxıstanda fəaliyyət göstərən Qarabağ müharibəsi veteranları birliyinin Astana şəhəri üzrə təşkilatının sədri Aytıkov Yerjan tədbirə onlayn şəkildə qoşulub, ürək sözlərini çatdırıb.
Tədbirdə həmçinin “Atamnın amanatı” İctimai Təşkilatının təsisçiləri Aliyə Saqımbayeva və Musina Saule, filoloq Zairova Qulbarşın öz çıxışlarını təqdim etmişdir. Tarix və Etnologiya İnstitutunun “Azərbaycanın sovet dövrü tarixi” şöbəsinin aparıcı elmi işçisi, dosent Raisa Cəfərova “ALJİR”-də məhbus həyatı yaşamış azərbaycanlı qadınlar” mövzusunda, Tarix və Etnologiya İnstitutunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhramov “1941-1945-ci illər müharibəsində alman faşizmi üzərindəki qələbədə Azərbaycan xalqının töhfəsi” mövzusunda, BDU- nun doktorantı Xəyalə Şabanova “Azərbaycan legionunun 1941-1945-ci illər müharibəsindəki fəaliyyəti” haqqında, Rusiya Federasiyasının Beynəlxalq Elmlər Akademiyasının ekologiya və bioresurslar üzrə müxbir üzvü, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, Qazaxıstan və Azərbaycan Jurnalistlər Birliklərinin üzvü Kenjina Nasixa “Qarabağ bir qazaxıstanlı qadının gözü ilə” mövzusunda danışıblar.