Qranta aid infosessiya

2024-cü il noyabrın 28-də Bakı Konqres Mərkəzində Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025- ci il üzrə elan etdiyi qrant müsabiqələrinə dair növbəti infosessiya uğurla davam etdirilib. Tədbir, qeyri-hökumət təşkilatları ilə dövlət qurumları arasında əməkdaşlığın daha da gücləndirilməsi, eləcə də qrant müsabiqələrinin şərtləri və prioritet istiqamətləri barədə dolğun məlumatların çatdırılması məqsədilə təşkil olunub.

Tədbirdə Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Azər Allahverənov və digər aidiyyəti qurumlarının nümayəndələri, QHT rəhbərləri və ictimai fəallar iştirak ediblər.

Görüş zamanı iştirakçılar tərəfindən səsləndirilən suallar cavablandırılıb, irəli sürülən təkliflər dinlənilib və müvafiq qeydlər götürülüb. Eyni zamanda, qarşıdan gələn qrant müsabiqələrinə dair gözləntilər və əsas meyarlar iştirakçılara ətraflı şəkildə izah olunub. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin nümayəndələri qeyd ediblər ki, şəffaflıq, hesabatlılıq və sosial təsirin artırılması əsas prioritetlər sırasındadır.

Bu əhəmiyyətli tədbirdə “İnnovativ Proqress və Ekologiya və Sosial-İqtisadi İnkişafa Dəstək” İctimai Birliyinin sədri Səidə Musayeva da iştirak edib. O, infosessiya çərçivəsində təşkil olunan müzakirələrdə aktiv iştirak edib, təşkilatın prioritet istiqamətləri və gələcək layihə planları barədə fikir mübadiləsi və qeydlər aparıb.

Bununla da 2025-ci ilin qrant müsabiqələri ilə bağlı keçirilən infosessiya başa çatıb. Qeyd edək ki, ümumilikdə son üç gün ərzində keçirilən sessiyalarda 300-dən çox QHT rəhbəri və nümayəndəsi iştirak edərək proseslərlə bağlı ətraflı məlumat əldə ediblər.