Uğura gedən inkişaf yolu: uğurlu ananın övladına təsiri
2025-ci il iyun ayının 4-də “İnnovativ Proqress və Ekologiya” Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Uğura gedən inkişaf yolu: uğurlu ananın övladına təsiri” mövzusunda geniş tərkibli, çoxşaxəli bir tədbir keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbirdə “İnnovativ Proqress və Ekologiya” Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyin sədri Səidə Musayeva ilə yanaşı ,sədr müavini Cəmalə Naxçıvani,müxtəlif sahələri təmsil edən hörmətli şəxslər – Bakı Dövlət Universitetinin müəllimi, klinika rəhbərləri, bank filialının rəhbəri, sahibkar qadınlar, psixoloqlar və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Çıxış zamanı cəmiyyətin inkişafında qadınların və xüsusilə anaların əvəzsiz rolu vurğulandı. Ailədaxili tərbiyənin, mənəvi dəyərlərin formalaşmasında valideyn nümunəsinin əhəmiyyəti və uğurlu ailə modelinin bütövlükdə cəmiyyətə göstərdiyi müsbət təsirlərdən bəhs edildi.
İştirakçılar arasında mövzu ətrafında geniş fikir mübadiləsi aparıldı, həyat təcrübələri və praktik nümunələr bölüşüldü. Müzakirələrdə anaların övladlarının həyatına yön verən təsiri, ailə institutunun möhkəmləndirilməsi və sosial-iqtisadi inkişafda qadınların fəallığının artırılması kimi önəmli məsələlər ön plana çəkildi.
Tədbirin əhəmiyyətini artıran əsas hissələrdən biri də paralel şəkildə təşkil edilən rəsm sərgisi oldu. Sərgi “Art and Creativity Club”un təsisçisi və rəhbəri Cəmalə Naxçıvani tərəfindən təşkil edilmişdi. Rəssamların təqdim etdiyi sənət nümunələri tədbirə xüsusi rəng qatdı. İnkişafda olan valideyn, öz övladının da inkişafına təkan verir və onu incəsənət kimi özünüifadə və özünüinkişaf sahələrinə yönləndirməyə təşviq edir.
Tədbirin əsas məqsədi – anaların və qadınların sosial-iqtisadi inkişafdakı rolunu təşviq etmək, onların övladlarına verdiyi müsbət təsirləri qiymətləndirmək və bu sahədə uğurlu nümunələri bir araya gətirmək idi.
Tədbir səmərəli fikir mübadiləsi, faydalı müzakirələr, sənətə bağlı yanaşmalar və gələcəyə yönəlik təşəbbüslərlə yadda qaldı. Gələcəkdə də bu kimi layihə və görüşlərin müxtəlif platformalarda keçirilməsi nəzərdə tutulur.
Konfrans və rəsm sərgisi Azərbaycan Milli QHT Forumunun zalında baş tutdu. Azərbaycan Milli QHT Forumunun rəhbəri Ramil İsgəndərliyə göstərdiyi dəstəyə görə təşəkkürümüzü bildiririk.