Ümummilli Lider Heydər Əliyevə ehtiram

                                

8 may 2025-ci il tarixində “İnnovativ Proqress və Sosial-İqtisadi İnkişafa Dəstək” İctimai Birliyinin üzvləri, sədr Səidə Musayeva başda olmaqla və sədr müavini Cəmalə Naxçıvaninin iştirakı ilə Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil dövlətçiliyimizin banisi və memarı Heydər Əliyevin anım günü münasibətilə Fəxri Xiyabana ziyarət təşkil olunmuşdur. Ziyarət zamanı böyük şəxsiyyətin məzarı önünə gül dəstələri qoyulmuş, ruhuna dualar oxunmuş və əziz xatirəsi dərin ehtiramla yad edilmişdir.

Heydər Əliyev Azərbaycan tarixində misilsiz iz qoymuş, xalqını zamanın ən çətin sınaqlarından çıxarmış müdrik və uzaqgörən lider olmuşdur. Onun dövlətçilik təfəkkürü, milli maraqları hər zaman üstün tutması və xalqına olan sonsuz sevgisi sayəsində Azərbaycan müstəqil, güclü və nüfuzlu bir dövlətə çevrilmişdir. Ulu Öndərin rəhbərliyi ilə qurulan möhkəm təməllər bu gün də ölkəmizin siyasi, iqtisadi və mədəni inkişafının əsasını təşkil edir.Heydər Əliyev yolu – Azərbaycançılıq ideologiyası xalqımızın gələcək inkişafının əsas istiqamətini təşkil edir və bu dəyərlərin qorunması hər bir vətəndaşın müqəddəs borcudur.

Ziyarət çərçivəsində eyni zamanda, Azərbaycan səhiyyəsinin inkişafında müstəsna xidmətləri olan, gözəl insan və dəyərli alim, akademik Zərifə Əliyevanın da məzarı ziyarət olundu. Onun tibb sahəsində apardığı fundamental elmi araşdırmalar və ictimai fəaliyyətləri bu gün də böyük ehtiramla xatırlanır. Zərifə xanım Əliyeva yalnız nüfuzlu alim deyil, həm də yüksək mənəvi keyfiyyətlərə malik örnək bir ziyalı kimi yaddaşlarda qalmaqdadır.

Bu ziyarət, xalqımızın tarixi yaddaşına, milli-mənəvi dəyərlərinə və böyük şəxsiyyətlərə olan dərin hörmətin təcəssümüdür.
Ulu Öndər Heydər Əliyevi və akademik Zərifə Əliyevanı sonsuz ehtiram və hörmətlə yad edirik.